Tərcümeyi-hal
Dr. Vüsalə Mədədova
T.ü.f.d. OnkoginekoloqMədədova Vüsalə Musa qızı 1999–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almış, daha sonra Milli Onkologiya Mərkəzində internatura və kliniki ordinatura keçərək onkoginekologiya üzrə ixtisaslaşmışdır. 2017-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini müdafiə etmişdir. Türkiyə, Almaniya və Belarusiyada müxtəlif ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak etmiş, həmçinin Ankara Bayandır xəstəxanası, Belarusiya Onkologiya Mərkəzi və Almaniyanın Troisdorf xəstəxanasında ixtisaslaşma təcrübəsi əldə etmişdir.
2008–2023-cü illərdə Milli Onkologiya Mərkəzinin Onkoginekologiya şöbəsində fəaliyyət göstərən Vüsalə Mədədova həm ölkə daxilində, həm də beynəlxalq konfranslarda çıxış etmiş, 15 elmi məqalə və tezisin müəllifi olmuşdur. 2023-cü ilin oktyabr ayından etibarən Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibbi Hospitalında həkim-onkoginekoloq kimi fəaliyyətini davam etdirir.
Müalicə və əməliyyatlar
Dr. Vüsalə Mədədova qadın sağlamlığı ilə bağlı geniş spektrli xəstəliklərin diaqnostika və müalicəsi üzrə ixtisaslaşıb. Onun praktik fəaliyyətinə uşaqlıq boynunun eroziyası, displaziyası, polipləri və xərçəngi, eləcə də uşaqlıq cismi ilə bağlı endometrial polip, hiperplaziya, mioma, adenomioz və xərçəng kimi xəstəliklərin müalicəsi daxildir. Bundan əlavə, qeyri-normal uşaqlıq qanaxmaları, cinsi yolla yoluxan infeksiyalar, iltihabi xəstəliklər, qadınlarda sidik qaçırma problemləri, uşaqlıq və sidik kisəsi sallanmaları, həmçinin yumurtalıqların xoşxassəli və bədxassəli şişlərinin müalicəsi də onun peşəkar fəaliyyət sahəsinə aiddir.
Uzun illər ərzində əldə etdiyi təcrübə və beynəlxalq standartlara uyğun yanaşma Dr. Vüsalə Mədədovaya ən müxtəlif cərrahi əməliyyatları uğurla icra etməyə imkan verir. Onun əməliyyat təcrübəsinə uşaqlığın total və radikal çıxarılması, yumurtalıq və boruların çıxarılması, yumurtalıq və uşaqlıq şişlərinin cərrahi müalicəsi, endometrial polip və hiperplaziya ilə bağlı müdaxilələr, uşaqlıq boynu xərçəngində konizasiya və trakelektomiya, vulva xərçəngi zamanı vulvektomiya, limfa düyünlərinin çıxarılması, sidik qaçırma və sallanma ilə əlaqədar ginekoloji əməliyyatlar daxildir. Bununla yanaşı, o, estetik ginekologiya sahəsində də müasir yanaşmalar tətbiq edərək vaginoplastika, labioplastika və hudoplastika kimi əməliyyatları həyata keçirir.