Bazar ertəsi – Cümə 09:00-17:00

+994 50 631 13 50

Genital estetik əməliyyatlar - Vaginoplastika

Genital estetik əməliyyatlar - Vaginoplastika

Vaginoplastika — vaginal kanalın daraldılması və bərpasını hədəfləyən estetik və funksional cərrahi əməliyyat.

Zamanla, doğuş, yaşlanma, hormonal dəyişikliklər və digər amillər səbəbi ilə qadınlarda vaginal bölgədə genişlənmə və elastikliyin azalması müşahidə oluna bilər. Bu, həm estetik narahatlığa, həm də cinsi həyat keyfiyyətinin və özünəinamın azalmasına səbəb ola bilər. Vaginoplastika – genişlənmiş və ya zəifləmiş vaginal əzələlərin cərrahi üsulla bərkidilməsi, artıq toxumaların çıxarılması və vaginal kanalın yenidən formalaşdırılması əməliyyatıdır. Bu prosedur həm estetik görünüşü yaxşılaşdırır, həm də funksional cəhətdən daha sıx və güclü bir vaginal struktur təmin edir. Əməliyyat bir və ya bir neçə normal doğuş keçirmiş, vaginal bölgədə genişlənmə, boşluq və əzələ zəifliyi hiss edən, cinsi münasibətlər zamanı hiss azlığından və narahatlıqdan əziyət çəkən, həmçinin estetik görünüş səbəbi ilə özünəinam problemi yaşayan qadınlar üçün uyğundur.

Necə aparılır

Vaginoplastika əməliyyatı adətən ümumi və ya spinal anesteziya altında həyata keçirilir və təxminən 45–60 dəqiqə davam edir. Əməliyyat zamanı vaginal divar əzələləri bərkidilir və artıq toxumalar çıxarılır, tikişlər isə kosmetik və sorulan saplarla aparılır. Əməliyyat adətən ambulator şəraitdə, yəni eyni gün evə buraxılmaqla mümkündür. Lazım gələrsə, vaginoplastika labioplastika (kiçik və böyük dodaqların korreksiyası) və ya perineoplastika (aralıq bölgəsinin bərpası) kimi digər genital estetik əməliyyatlarla birlikdə də həyata keçirilə bilər; belə yanaşma daha kompleks və qaneedici nəticələr verir.

Hazırlıq

Əməliyyatdan əvvəl ginekoloji müayinə aparılır və zərurət olduqda infeksiyaların istisna edilməsi üçün analizlər verilir. Aktiv genital infeksiya varsa, əvvəlcə müalicə olunmalıdır. Pasiyent istifadə etdiyi dərmanlar, xüsusilə qanı durulaşdıran preparatlar barədə həkimi məlumatlandırmalı və anesteziya növündən asılı olaraq ac qalma qaydalarına riayət etməlidir. Əməliyyatın menstruasiya dövründən kənar vaxta planlaşdırılması tövsiyə olunur.

Bərpa dövrü

İlk günlərdə yüngül ağrı, yanma hissi və ödəm ola bilər; bunlar ağrıkəsicilərlə idarə olunur. Adətən 4–5 gün sonra yüngül fəaliyyətlərə qayıtmaq mümkündür. Tam sağalma üçün 4–6 həftə cinsi fasilə tövsiyə olunur. Bölgənin təmiz və quru saxlanması, gigiyena qaydalarına riayət edilməsi vacibdir. Yara sağaldıqdan sonra estetik və funksional nəticələr aydın şəkildə görünür.

Tez-tez verilən suallar

Vaginoplastika gələcək doğuşlara mane olurmu?

Ümumiyyətlə gələcəkdə doğuş planlaşdıran qadınlara əməliyyatı doğuşlardan sonraya təxirə salmaq tövsiyə olunur, çünki yeni doğuş əldə olunan nəticəyə təsir edə bilər. Fərdi vəziyyət mütləq həkimlə müzakirə olunmalıdır.

Nəticələr kalıcıdırmı?

Əməliyyatın nəticələri adətən uzunmüddətlidir, lakin yaşlanma, hormonal dəyişikliklər və yeni doğuşlar zamanla toxumaların yenidən zəifləməsinə səbəb ola bilər. Sağlam həyat tərzi və pelvik əzələ məşqləri nəticənin qorunmasına kömək edir.

Vaginoplastika tibbi zərurətdən daha çox estetik və funksional məqsəd daşıyan bir əməliyyatdır; qərar həkim konsultasiyasından sonra, individual gözləntilər nəzərə alınmaqla verilməlidir. Verilən müddətlər ümumi məlumat xarakteri daşıyır.

Dr. Vüsalə Mədədova