Endometrial Polip
Endometrial Polip
Endometriumdan uşaqlıq boşluğuna doğru inkişaf edən xoşxassəli törəmə — çox vaxt 35 yaşdan yuxarı qadınlarda müşahidə olunur.
Endometrial polip – uşaqlığın endometrium qatından uşaqlıq boşluğuna doğru inkişaf edən xoşxassəli törəmədir. Hər yaşda rast gəlinə bilsə də, daha çox hormonal dəyişikliklərin intensiv olduğu 35 yaşdan yuxarı qadınlarda müşahidə olunur. Poliplər tək və ya çoxsaylı ola bilər, bəzən isə heç bir simptom vermədən uzun müddət mövcud qala bilər. Yaranmasında estrogen hormonunun artması, hormonal disbalanslar, xroniki iltihabi proseslər, bəzi dərmanların uzunmüddətli istifadəsi (xüsusilə tamoksifen), həmçinin piylənmə və endokrin pozğunluqlar rol oynaya bilər.
Əlamətlər
- Menstruasiya arası qanamalar
- Uzunmüddətli və ya nizamsız aybaşı
- Qarnın aşağısında ağırlıq hissi
- Sonsuzluq və ya hamilə qalmaqda çətinlik
- Cinsi əlaqə sonrası qanaxma
Nə zaman həkimə müraciət etməli?
Menstruasiya arası qanamalar, uzunmüddətli və ya nizamsız aybaşı, hamilə qalmaqda çətinlik müşahidə olunarsa həkimə müraciət etmək lazımdır. Xüsusilə menopauza dövründə yaranan qanaxmalar və ya ultrasəsdə qalınlaşmış endometrium aşkarlanarsa, vaxt itirmədən həkimə müraciət edilməlidir.
Diaqnostika
Diaqnoz əsasən ultrasəs müayinəsi (USM) ilə qoyulur – bəzi poliplər heç bir əlamət vermir və təsadüfi ultrasəs müayinəsi zamanı aşkar olunur. Uşaqlıq boşluğunun daha dəqiq qiymətləndirilməsi üçün histeroskopiya aparılır, çıxarılan polip isə diaqnozun təsdiqi üçün histoloji müayinəyə göndərilir.
Müalicə
Endometrial poliplərin çıxarılması üçün ən effektiv üsul histeroskopik polipektomiyadır – bu prosedur zamanı histeroskop vasitəsilə uşaqlıq boşluğu vizual olaraq qiymətləndirilir və polip xüsusi alətlərlə götürülür. Çıxarılan polip mütləq laborator (histoloji) müayinəyə göndərilir; bu, törəmənin xoşxassəli olub-olmadığını təsdiqləmək üçün vacibdir. Polipin təkrarlanmasının qarşısını almaq üçün bəzi hallarda həkim tərəfindən hormonal dərmanlar təyin edilə bilər. Polip çıxarıldıqdan sonra mütəmadi ginekoloji müayinələr və ultrasəs nəzarəti təkrarlanma riskinin qarşısını almağa kömək edir.
Tez-tez verilən suallar
Endometrial polip xərçəngə çevrilə bilərmi?
Endometrial poliplər əksər hallarda xoşxassəlidir, lakin nadir hallarda xərçəngə keçə bilər. Xüsusilə menopauzadan sonrakı qanaxmalar zamanı çıxarılan polipin histoloji müayinəsi bu riski qiymətləndirmək üçün vacibdir.
Polip mütləq çıxarılmalıdırmı?
Simptom verən, böyük və ya menopauzadan sonra aşkarlanan poliplərin çıxarılması adətən tövsiyə olunur. Kiçik və simptomsuz poliplər isə həkimin qərarına görə müşahidə altında saxlanıla bilər.